Yeni siyasi konfiqurasiya niyə vacibdir və islahatlar hansı sahələri əhatə edəcək?

Aynur 30/09/2021

Azərbaycanda artıq həm daxili, həm də xarici siyasət baxımından yeni siyasi şəkilləndirmə prosesi getməkdədir. Çünki, ölkəmiz artıq əvvəlki, hətta bir il öncəki Azərbaycan da deyil. 

2018-ci ildə növbədənkənar Prezident seçkilərinə böyük və geniş məzmunlu islahatlar paketi ilə gedən Prezident İlham Əliyev bunu elə o zaman ictimaiyyətə açıq şəkildə bəyan etdi. Həmin islahatlar paketinin zəruri etdiyi 2020-ci il növbədənkənar parlament seçkiləri də, bu prosesin məntiqi davamı idi. Elə bu səbəbdən idi ki, Prezident erkən seçkilər nəticəsində əhəmiyyətli hissədə dəyişikliyə məruz qalmış Milli Məclisin yeni tərkibinin ilk iclasında Azərbaycan dövlətinin qarşısında duran prioritetlərə toxunarkən ən aktual problemlərdən biri kimi ölkədəki yeni siyasi konfiqurasiyanın qurulmasından danışdı. Əslində bu proses təkcə ölkədə fəaliyyət göstərən və göstərmək istəyən siyasi institutların və təşkilatların fəaliyyətini deyil, ümumilikdə ölkədaxili bütün ictimai vəsiyasi prosesləri əhatə edəcəkdi. Ona görə də, ölkədə bütün dövlət idarəetmə mexanizminin həm nəzəri, həm institusional və həm də kadr korpusu baxımından yenidən dizayn edilməsinə start verildi. Təbii ki, bu çox geniş və ölkə miqyaslı bir prosesdir. Həmin proses bu gün də davam etməkdədir.

Bəs sual yaranır ki, niyə məhz hazırki məqamda? Uzun illər ərzində bu zəruri prosesə niyə start verilmirdi?

Əslində diqqət etsək, buna qədər də, ölkədə paralel şəkildə ayrı-ayrı sahələrdə yeniliklər və islahatlar prosesi həyata keçirilirdi. Ancaq kompleks olaraq deyil. Təbii ki, bunun da bir sıra əsasən obyektiv səbəbləri var idi. Ümumiyyətlə dövlətçiliyin və dövlətlərin tarixinə nəzər yetirdikdə açıq şəkildə anlamaq olur ki, bir dövlətin daxilən zəifliyi və ya güclü olması onun xarici siyasətinə də eyni istiqamətdə təsir göstərir, eyni ilə də əksinə. Azərbaycan çox strateji və önəmli coğrafi mövqeyə sahib olmasına, malik olduğu böyük təbii resurslara, düzgün xarici siyasət və uğurlu diplomatiya nəticəsində qazandığı nüfuza və digər əhəmiyyətli göstəricilərə baxmayaraq bütün bu imkanlardan lazımi şəkildə istifadə edə bilmirdi. Çünki, bizə hələ müstəqilliyə qovuşmazdan əvvəl əsası qoyulmuş süni “Qarabağ problemi” kimi ciddi bir problem yaradılmışdı. Bu, insan bədənində onun normal fəaliyyəti üçün ciddi maneələr törədən həyat əhəmiyyətli bir üzvünün tam sıradan çıxa bilməsi təhlükəsinə bənzəyir. Ağıllı və məntiqli insan bütün gücünü və imkanlarını həmin bədən üzvünün sağalmasına həsr etdiyi kimi, dövlət olaraq Azərbaycan da əsasən böyük imkanlarını onun tam şəkildə inkişafına mane olacaq “Qarabağ problemi”nin həllinə səfərbər etmək məcuriyyətində idi. Artıq bu problem həll olundu və ölkəmiz müstəqillik tarixində ilk dəfə bütövləşə və tamlaşa bildi. Xarici siyasi kursumuzda hələ də qalmaqda olan bəzi problemlərin həlli prosesi istisna olmaqla, dövlətimiz daha çox ölkədaxili bir sıra məsələlərin həllini önə çəkməkdədir. Artıq heç bir ciddi maneənin və çətinliyin olmadığı hazırki məqamda hələ ki, yekunlaşmamış ölkədaxili islahatlar daha da sürətləndiriləcək. Təbii ki, bu prosesin mövcud problemlərin daha çox qaynaqlandığı kadr korpusundan da yan keçməyəcəyi məlumdur. Və hesab edirəm ki, artıq hazırki mərhələdə qanunsuzluqlar, korrupsiya və rüşvətxorluqla mübarizə çərçivəsində aparılacaq dəyişikliklər və həbslər ölkə üzrə bütün zəruri sahələri əhatə edəcək. Əvvəlki kimi, göstərilən etimadları və üzərlərinə düşən məsuliyyəti doğrultmaları üçün ayrı-ayrı vəzifəli şəxslərə uzun illər deyil, daha qısa müddətin tanınacağını düşünürəm. Ölkədə idarəetmə prosesində dinamikliyi və müsbət nəticlərin verilməsi prosesini artırmaq üçün kadr korpusunun nisbətən gəncləşdirilməsi zərurəti ilə yanaşı, təcrübə və müdriklik amillərinin də vacibliyinin nəzərə alınması mütləqdir. Hüquqi dövlət olan Azərbaycan üçün ən prioritet sahələrdən biri kimi məhkəmə-hüquq sistemində hələ ki, yekunlaşdırılmamış islahatlar prosesinin davam etdirilməsi də vacibdir. Təsis olunmuş vitse-pezidentlik institutunun inkişaf etdirilməsi və bu istiqamətdə nəzərdə tutulan müvafiq addımların atılmasının da zamanı artıq yetişib. Təbii ki, ortada dövlətimizin və dövlət başçısı Prezident İlham Əliyevin dövlətçilik maraqlarına xidmət edən müvafiq nəticələrə hesablanmış prinsipial mövqeyi və qətiyyətli iradəsi varsa bunların hamısı reallaşacaqdır.

Əslində elə Prezident İlham Əliyevin müəllifliyi və bilavasitə rəhbərliyi ilə ölkədə açıq siyasi dialoq mühitinin və sağlam siyasi rəqabətin formalaşdırılmasına xidmət edəcək yeni siyasi konfiqurasiyanın yaradılması ölkədaxili islahatlara xidmət edir. İkinci Qarabağ müharibəsindəki qələbəmizin əldə edilməsi prosesinə əvəzolunmaz töhfə verən bütün siyasi təşkilatların və şəxslərin vahid siyasi mövqe sərgiləmələri hazırda davam etdirilən siyasi islahatlar mərhələsində daha vacibdir. Çünki, 44 gün ərzində döyüş meydanında amansız mübarizə apardığımız işğalçı və onun havadarları olan quvvələrlə hazırda siyasi, diplomatik və informasiya cəbhələrində eyni mübarizəni aparmaqdayıq. Məhz hazırki mərhələdə ölkədaxili siyasi birliyin vacibliyini nəzərə alan iqtidar və Prezident İlham Əliyev, milli maraqlar zəminində ölkədaxili siyasi bütövlüyü hədəfləyən yeni siyasi dizaynın tərtib edilməsi ilə bağlı prosesi hər vəchlə davam etdirməkdə israrlıdır. Əslində bu prosesə mane olmaq, elə hazırda mübarizə apardığımız qarşı cəbhədəki rəqiblərimizin fəaliyyətinə bərabər tutula biləcək qədər təhlükəlidir. Hesab edirəm ki, kimliyindən, siyasi statusundan, baxışlarından, əqidəsindən və digər bu kimi amillərdən asılı olmayarq hər birimiz 27 sentyabr 2020-ci ilə qədər həyatımızı qurban verməyə hazır olduğumuz möhtəşəm qələbəmizin beynəlxalq aləmdə tam rəsmiləşdirilməsi və düşmənin böyük sülh sazişinə məcbur edilməsi prosesinin bu son mərhələsində də dövlətimizlə eyni maraqlardan çıxış etməyə borcluyuq. Əks təqdirdə, onsuz da reallaşacaq bu prosesdə bir vətəndaş və bir azərbaycanlı olaraq nəinki bu prosesə mane olduğumuza, hətta heç bir rolumuzun olmamasına görə belə, ömrümüzün sonuna qədər peşimançılıq və mənəvi əzab hissləri yaşayacağıq.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov