“IB Club”a yeni direktor təyin olunub

Esed Abasli 06/04/2022

IB Club Gənclərin İnkişaf Mərkəzində yeni təyinat olub.

Mərkəzdən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə Ümid Orucov direktor təyin olunub.

Ümid Orucov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur və hazırda Türkiyənin Atatürk Universitetinin magistrantıdır. O, bir çox beynəlxalq və yerli layihələrdə, eyni zamanda  “IB Club” və digər gənclər təşkilatlarında fəallığı ilə seçilib. Bir çox özəl və dövlət qurumlarında İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri, məsul katib, mətbuat nümayəndəsi və müxtəlif vəzifələrdə çalışıb. “IB Club”un bir sıra böyük tədbir və layihələrinə təşkilatçılıq edib.

Azərbaycanda ilk və ən böyük gənclər mərkəzlərindən biri olan, özündə 25 000-ə yaxın üzvü birləşdirən “IB Club” Gənclərin İnkişaf Mərkəzi 6 mart 2010-cu ildən fəaliyyət göstərir. 6 mart 2022-ci ildə Mərkəz 12 yaşını qeyd etmiş və yeni ofisinin açılışını etmişdir.

Mərkəz “Öyrən, Əylən, Yaşa!” devizi altında fəaliyyətini davam etdirir. 2020-ci ildən Gənclər Təşkilatları Milli Şurasının tamhüquqlu üzvü, 2022-ci ildən isə Avropa İttifaqının “Erasmus+” proqramının peşəkar təşkilatı olan QarajErasmus Fondunun Azərbaycan üzrə üzvüdür. Mərkəzin əsas fəaliyyət istiqaməti gənclərin dil biliklərinin artırılması, onlar arasında intellektual oyunların keçirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə marağın yaradılması, müxtəlif xaricdə təhsil proqramlarına gənclərin cəlb olunmasıdır. İndiyə qədər Mərkəz “IB Gənclər Məclisi”, “Youth in Business”, 11 0001 gəncin iştirakı ilə “IB Gənclər Festivalı”, “Kəpənək Effekti” və s. böyük layihələrə imza atmışdır.