GREEN START ACADEMY-NİN TƏHSİL İCTİMAİYYƏTİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜ

Esed Abasli 28/06/2022

 “Gənclərin Töhfəsi” İctimai Birliyinin təhsil departamenti olan Green Start Academy-nin təşkilatçılığı ilə 27 iyun tarixində “Arzularımız və ehtiyaclarımız: təhsil və psixologiyanın vəhdətində” adlı növbəti elmi-praktik konfrans keçirilib.


Qurumdan "XəbərBüro"-a verilən məlumata görə konfransı giriş sözü ilə açan Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə təşkilatın məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçilərinin maariflənməsinə  xidmət etdiklərini dilə gətirdi. Təşkilat rəhbəri eyni zamanda  pandemiya dövründə icrasına başlanılan Sevgi pedaqogikası – Valideyn Məktəbi layihəsinin canlı təqdimatını etməklə bütün müəllimləri bu layihə ətrafında birləşməyə çağırdı: “Məqsədimiz sağlam ruhlu, müasir düşüncəli şəxsiyyət yetişdirilməsində cəmiyyətin təhsilverici (müəllim) və tərbiyəedici (valideyn) qüvvəsinə yardımçı olmaq, həmçinin ailə bağlarının möhkəmləndirilməsində övlad tərbiyəsinin vacibliyinə diqqəti çəkməklə, müəllim-şagird, valideyn-övlad münasibətlərində yaşadığınız problemlərin həllində onlara fayda verməkdir”.

Sonra söz “Gənclərin Töhfəsi” İctimai Birliyinin baş katibi Taleh Mansurova verildi. Birliyin fəaliyyəti haqqında məlumat verən Taleh bəy hər zamankı kimi gənc nəslin təlim-tərbiyəsində və inkişafında var gücləri ilə çalışdıqlarını, bundan sonra da xalqımıza və dövlətimizə olan xidmət və sədaqətlərini daha da məhsuldar hala gətirərək, gənclərə dəstək olacaqlarını bildirdi. 

Konfransın rəsmi hissəsindən sonra təlimçilər öz mövzu dairələrində məruzə edərək iştirakçıları təhsil və psixologiyanın vəhdətində maraqlı fikirlərin toplandığı dünyaya qonaq etdilər. Əməkdar müəllim və təlimçi Nərgiz Həsənova “Arzu bir hədəfdir: hədəfə çatmağın yolları”, Bakı Mühəndislik Universitetinin Riyaziyyat-informatika kafedrasının baş müəllimçi Bəhman Qüdsi “Qəlblərin kəşfi: nəfsin arzuları”, uşaq və yeniyetmələr üzrə psixoloq, NLP master Rübabə Mərdanova “Uğurun açarı: addım-addım müvəffəqiyyətə doğru”, biznes-təlimçi, pedaqoq Ceyhun Ağabəyov “Etnik-psixoloji məsələlərə dair vacib məqamlar” mövzusunda məruzə etdilər. 

Sonra Green Start Academy-nin şagirdlər arasında 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil etdiyi şeir müsabiqəsinin nəticələri elan olundu, qaliblərə Diplom və tərəfdaş təşkilat Xan Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olundu. Xan Nəşriyyatının baş redaktoru Cavid Qədir söz alaraq Nəşriyyatın fəaliyyəti haqqında məlumat verərək, əməkdaşlığın daimi olmağını arzuladı. 

Hər zamankı kimi Green Start Academy bu dəfə də könüllü əməkdaşlarından söhbət açaraq, tədbir iştirakçılarına onların uğurlarından söhbət açdı və zəhmətlərini qiymətləndirdi. Erkən tibbi biliklərin aşılanması layihəsinin rəhbəri, həkim-pediatr Aygün Cəfərli, Vətən və İnsan sevgisi layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, Mütaliə günü layihəsinin rəhbəri Günel Kamal, Müsabiqələr layihəsinin rəhbəri Raifə Hidayətova, psixoloq Gülşən Nəhmətova layihələri haqqında məlumat verərək, hər kəsi təhsilimizin inkişafı üçün öz üzərlərində daha çox işləməyə səslədi. 

Bəstəkar Lalə Şirinin ifa etdiyi canlı musiqi fonunda keçirilən, geniş və maraqlı müzakirələrlə əhatə olunan konfrans yüksək əhval-ruhiyyə ilə başa çatdı. Sonda konfrans iştirakçılarına günün xatirəsi olaraq Sertifikat təqdim olundu və xatirə şəkli çəkdirildi.