Sağlamlığımızı qoruyaq

Röya Vahabova 16/06/2020

     Sağlamlıq- istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi haldır. Sağlamlıq dedikdə fiziki, sosial, psixoloji rifahın öz qaydasında olması nəzərdə tutulur. Sağlamlığı öyrənən elmlərə dietologiya, farmakologiya, biologiya, epidemiologiya, psixologiya, psixatriya, tibbi sosiologiya, gigiyena və s. aiddir.

     Düzgün olmayan həyat tərzi, yanlış qidalanma, stress, alkoqol, siqaret, yuxusuzluq kimi amillər sağlamlığa zərər vurur. Müasir dövrdə insanların sağlamlığına ən böyük zərəri hərəkətsizlik vurur. İnsanlar evdə, işdə oturaq vəziyyətdə olduqlarına görə fiziki cəhətdən aktiv ola bilmirlər. Fiziki passivlik (fiziki aktivliyin olmaması) dünyada ölümün risk faktorları arasında 4-cü yeri tutur. Həmçinin ürək-damar xəstəlikləri, xərçəng, şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin (yoluxucu olmayan) yaranmasında əsas rol oynayır. 

     Fiziki aktivlik qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacibdir. Bədəndə skelet əzələlərinin enerji sərfini tələb edən hər hansı hərəkət fiziki aktivlik hesab olunur. Fiziki aktivliyə qaçış, velosiped sürmək, avarçəkmə, üzgüçülük, gündəlik fəaliyyət (ev işlərinin görülməsi, yüngül qaçış) və s. aiddir. Fiziki aktiv olan insanların sümükləri, əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələləri möhkəmlənir, ümumi sağlamlıq vəziyyəti yaxşılaşır, yüksək qan təzyiqi (hipertoniya) , beyin insultu, şəkərli diabet, süd vəzi və yoğun bağırsaq xərçəngi və depressiyanın yaranma riskini azaldır. Həmçinin enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.

     Hər bir insan öz sağlamlığı üçün gündə bir neçə saatı özünə ayırsa, sağlamlığının qeydinə qalsa, fiziki cəhətdən aktiv olsa qarşısına çıxacaq bir çox xəstəlikləri asanlıqla dəf edə bilər.