İLK ŞƏHİD QADIN JURNALİSTİMİZ SALATIN ƏSGƏROVA

Fəxriyyə Qüdrətli 08/07/2020

Salatın Əsgərova qələmini silaha çevirib Vətən uğrunda mübarizə aparan igid qəhrəmanımızdı.

"XəbərBuro"nun Milli Qəhrəmanımız  Salatın Əsgərova haqqında araşdırmasını sizə təqdim edirik.

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində M. Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstutuna daxil olmuşdur. Yaxınları bildirir ki, Salatın Əsgərova hələ uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. 


1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Molodjoy Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.

Deyilənə görə, "Molodyoj Azerbaydjana” redaksiyasında iclaslar zamanı "kim könüllü reportajlar hazırlamaq üçün cəbhəyə yollana bilər?” sualını verincə, çoxu baxışını yerə diksə də Salatın mərdi-mərdanə "Mən gedəcəm” deyirdi. Əminliklə ifadə edirdi fikirlərini. Evində onun yolunu gözləyən azyaşlı oğlunun olmasına baxmayaraq getmək istəyirdi. 


İyirmi doqquz yaşlı gənc xanımı təsəvvür edin. O, asudə zamanlarını yeganə oğlu Ceyhunla keçirərdi. Bir gün jurnalistika sevgisindən irəli gələrək oğluna oyuncaq deyil, diktofon alır. Getdikləri yerlərdə balaca oğlundan insanlara yaxınlaşaraq müsahibə almağı xahiş edir. Sanki onu anasız həyata öyrəşdirməyə, yeni peşəyə sahiblənməyə sövq edirdi. 


  Belə müsahibə oyunlarının birində masada əyləşmiş xanımlar balaca Ceyhuna bilərzik hədiyyə edirlər. O isə bu bilərziyi anasına bağışlayır. Öldüyü günə qədər Salatın xanım oğlunun hədiyyəsini qolundan çıxarmır.


Bir gün ölümün bir addımlığından xilas olmuşdu qəhrəmanımız. Atışma zamanı xəndəkdən qalxıb nə baş verdiyini öyrənmək istəyibmiş və güllə onun saçlarının arasından keçibmiş. Atası, yaxınları nə qədər onu növbəti çəkilişdən saxlamaq istəsələr də, Ceyhunu, digər yaxınlarını düşünməsini istəsələr də o, evinə-eşiyinə sığışa bilmirdi. 


Qarabağ müharibəsinin gərgin dövründə, soyuq yanvar günlərində Laçından daha bir bəd xəbər gəldi - Jurnalist Salatın Əsgərova Şuşa-Laçın yolunda qətlə yetirilmişdi. Onu cəbhə bölgəsinə getmək fikrindən dəfələrlə yayındırmağa çalışsalar da, bunu özünün Vətən qarşısında borcu sayırdı. Elə həyatını da Vətənə xidmətdə qurban verdi. 1991-ci il yanvarın 9-da Laçından növbəti reportajdan qayıdarkən erməni terrorçuları onu hədəfə aldılar. Silahlı düşmənlər Laçın - Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşını gülləbarana tutaraq “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçusu olan 3 rus zabitini qətlə yetirdilər. Ermənilər hərbi maşını üç istiqamətdən – öndən, arxadan və soldan həm avtomatdan, həm də snayper tüfəngindən güllələyiblər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə izi saymışdılar. Onların bir qismi yaxın məsafədən birbaşa Salatın Əsgərovaya sıxılmışdı. Hadisədən sonra Salatın Əsgərova və rus hərbçilərin qatilinin Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan olduğu  müəyyənləşib. Onlar 1991-ci ilin mayında həbs olunublar. 1993-cü ildə isə barələrində ölüm hökmü çıxarılıb. 1996-cı il mayın 8-də cinayətkarlar Ermənistana təhvil verilib. Erməni tərəfi jurnalistin və hərbçilərin qatillərinin cəzalandırlıacağına söz versə də, vədini yerinə yetirməyib. Bir müddət sonra qatillər azadlığa buraxılıb. Bununla rəsmi Yerevan sovet zabitlərinin və jurnalistin qətlə yetirilməsinə haqq qazandırmış olub. Salatın Əsgərova Azərbaycanın müstəqilliyi və torpaq bütünlüyü uğrunda canlarını qurban verən Vətən oğulları ilə eyni sırada, Şəhidlər Xiyabanında uyuyur. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərində Salatın Əsgərovanın adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kəndsə Salatınkənd adlanır.