Düşmənə qan udduran İgid Cəbrayılın doğum günüdür…

Aynur 11/09/2021

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub.Subay idi.Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.


Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.