Bakubus avtobuslarının tez-tez yanmasının səbəbi nədir? Açıqlama

Memmedova Fidan 02/10/2020

Sentyabr ayının ilk 15 günü ərzində Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda yanğın hadisəsi baş verib. Hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən Fransanın “İVECO” şirkəti ilə danışıqlar aparılır. Bu avtobusların yanması həm insanların həyatı üçün təhlükəli olması ilə yanaşı, həm də büdcəyə külli miqdarda ziyan vurması baxımından xeyli zərər verib. Bəs görəsən, bunun səbəbi texniki baxışın aparılmamasıdır yoxsa nasaz avtobusların alınması?

Bununla bağlı XəbərBuro saytına açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yeni istifadəyə verilən avtobuslar texniki baxışdan daha diqqətli keçirilməli, avtobuslarda yanğınsöndürən balonlar yerləşdirilməlidir. O, həmçinin əlavə edib ki, sürücülər də yanğınla bağlı ilkin biliklərə malik olmalıdır:

"İlk növbədə onu qeyd edim ki, bu, heç də xoşagələn hal deyil. Amma qeyri-adi hadisə də deyil. Çünki, bu avtobuslar demək olar ki, 5 ildir fasiləsiz olaraq istismar olunur. Yəni, 2015-ci ildə Avropa oyunları dövründə gətirilib və o vaxtdan bu günədək ictimai nəqliyyatda dayanmadan istifadə olunur. İstismar olunduqca avtomobillərdə bu cür texniki nasazlıqlıqlar yaranır və bu nasazlıqlar da belə hadisələrə gətirib çıxarır. Daha yaxşı olardı ki, bu nasazlıqlar vaxtında aşkarlanardı.

“BakuBus” MMC və digər daşıyıcı şirkətlər bu avtobusları qaraja yığır və necə olur ki, qarajdan bu vəziyyətdə reysə buraxılır, belə bir problemlər yaşanır? Bu baxımdan düşünürəm ki, məsələyə ciddi yanaşılmalıdır. Qaraj rəhbərliyi bu hadisələrə görə məsuliyyət daşıyır. Necə yoxlayıb, necə xəttə buraxıb ki, avtomobillərdə nasazlıq aşkarlanmayıb və bunun nəticəsində çox qısa fasilə ilə iki avtobus yanıb. Hər bir halda, bizim mütəxəssislərin belə gücü çatmırsa, o halda Türkiyədən avtobusların istehsal olunduğu zavoddan mütəxəssislər dəvət edib bu avtobusların hamısını bir-bir yoxlatmaq lazımdır.

Yeni avtobuslar gətirilir, onlar hələ ki təzə işə başlayıb. Deməzdim ki, onlarla bağlı elə bir ciddi təhlükə var, amma hər bir halda qabaqlayıcı tədbir üçün onları da yoxlayıb müayinə etmək lazımdır. Avtobusa vizual şəkildə baxsaq görərik ki, çox qəşəngdir, vaxtı-vaxtında qulluq olunur. Yəni digərləri kimi zədələnmiş formada istifadə etməyiblər. Hər bir halda daxildə elə proseslər gedir ki, onu yüz faiz mütəxəssislər aşkarlaya bilər, onları üzə çıxara bilərlər. Mənə elə gəlir ki, artıq bu iki hadisə bir siqnaldır, bir dərsdir və bundan nəticə çıxararaq digər avtobusları dərhal ciddi müayinəyə cəlb etmək lazımdır.

Digər tərəfdən sürücülərin peşəkarlığını da bir az artırmaq lazımdır ki, yanğına dərhal müdaxilə etmək bacarığına malik olsunlar. Avtobusların içində yanğın təhlükəsinə dair qısa video roliklər nümayiş etdirmək olar ki, belə halda sərnişinlər də kömək edə bilsinlər. Avtobuslarda ən azı iki yanğınsöndürən balon olmalıdır. Birini sürücü istifadə edərsə, digərini də sərnişin götürüb istifadə edə bilsin və yanğının miqyasının genişlənməsinin qarşısı alınsın".