“Vikipediya” təlimlərinə yenidən start verilib.

Esed Abasli 06/04/2022

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən start verilib.


"XəbərBüro" bildirir ki,təlimlər "Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatının, AMEA Mərkəzi Elmi Kitabxanasının, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilir. 

 

Təlimin ilk günündə çıxışı zamanı Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürov “Vikipediya”nın informasiya mühitində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, yüzlərlə mütəxəssisin, müxtəlif dövlət qurumları və AMEA əməkdaşlarının,  iştirakçıların mütəmadi şəkildə viki-təlimlərinə cəlb ediləcəyini vurğulayıb, hər kəsə uğurlar diləyib.

 

Azərbaycanda “Vikipediya”nın inkişafına öz töhfəsini verən, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk çıxışında Mərkəzi Elmi Kitabxanada təlimlərə yenidən start verildiyinin sevindirici hal olduğunu qeyd edib, “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyevin bu prosesin ölkədə sürətləndirilməsini dəstəkləyənlərdən biri olduğunu nəzərə çatdırıb.

 

 “Vikipediya” üzrə mütəxəssis, Azərbaycan dilli “Vikipediya”nın təcrübəli istifadəçisi, “Qorqud” Vikipediya Metodik Klubunun eksperti  Sübhan Xıdırzadə “Vikipediya”nın Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə təbliğ və təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu vurğulayıb. Əsas gücün isə, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində çağdaş dövrün informasiya texnologiyalarından yararlanmağı bacaran, səsimizi-sözümüzü xarici dillərdə çatdırmağı bilən gənclərin üzərinə düşdüyünü nəzərə çatdırıb.

 

Qeyd edək ki, iştirakçılar bu təlimləri təcrübəli vikipediyaçılar, MEK-in Elektron Resurslar şöbəsinin mütəxəssisləri Nuray Tanrıverdiyeva, Səbinə Abizadə və Təcrübəli Vikipediyaçı Qədir Quliyevdən  alacaqlar. Bir ay müddətində kiçik qruplar şəklində keçiriləcək təlim zamanı tələbələrə “Vikipediya”nın mahiyyəti izah ediləcək, onlayn ensiklopediyanın iş prinsiplərinə dair məlumatlar, istifadə qaydaları və məqalə yaratmaq kimi bacarıqlar aşılanacaq. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.