"Şəhidləri Yaşat, Qaziləri Tanıt" layihəsi

Esed Abasli 22/01/2022

Yeni Azərbaycan Paryitasının Yasamal rayon təşkilatında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyinin tərəfdaşlığı ilə "Şəhidləri Yaşat, Qaziləri Tanıt" layihəsi əsasında hazırlanan “zefertarixi.com” veb-saytının təqdimat mərasimi baş tutub.


Tədbir şəhidlərin abidəsinin ziyarəti ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbiri açıq elan edərək qonaqları salamlayıb. Bəxtiyar Nəbiyev tədbirdə iştirak edən şəhid ailələrinə minnatdarlığını bildirərək şəhid və qazi ailələrinə xüsusi dövlət qayğısından bəhs edib. 


“Şəhidləri Yaşat, Qaziləri Tanıt” layihəsinin rəhbəri Taleh Mansurov öz çıxışında layihənin mahiyyətindən danışıb. Şəhidlərin xatirəsini əbədiləşdirmək və qaziləri tanıtmaq məqsədilə hazırlanan veb-saytda Vətən müharibəsi dövründə həlak olan mülki şəhidlərin, eləcə də Qarabağ müharibəsi dövründə şəhid olan mətbuat əməkdaşlarının da bioqrafik  məlumatlarının sayta yerləşdirildiyi deyib. Layihənin həyata keçirilməsində Gənclər Fonduna, fondun icraçı direktoru Fərid Cəfərova,GTİB-in icraçı direktoru Məhsəti Hüseynova və layihənin ərsəyə gəlməsində dəstək olan gənclərə minnətdarlığını bildirən layihə rəhbəri Taleh Mansurov gələcək planlar əsasında birinci Qarabağ müharibəsi şəhidlərinin də məlumatlarının veb-sayta əlavə olunacağını vurğulayıb.

Tədbirdə Vətən müharibəsi şəhidi  baş leytenant Rövşən Nuruzadənin valideyni, xalq artisti Əli Nur şəhid və qazilərin tanıdılması məqsədilə ərsəyə gətirilən layihənin təqdirə layiq olduğunu deyib. Ölkədə şəhid ailələrinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minmətdarlığını bildirib.


Tədbirin tərəfdaşı olan Gənclərin Töhfəsi İB-nin sədri Asim Vəliyev layihənin önəmindən bəhs edib. Asim Vəliyev şəhidlərin əziz xatirələrinin əbədiləşdirilməsi və qazilərin tanıdılmasının hər bir şəxsin önündə duran önəmli vətəndaşlıq borcu olduğunu deyib.


Daha sonra çıxış edən Vətən müharibəsi qazisi Hüseyn Qurbanov tədbirin təşkilinə görə təşəkkür edərək müharibə dövründə birliktə döyüşdüyü şəxslərin də yer aldığı veb-sayın şəhidlər haqqında daha dolğun məlumat almaq üçün önəmli rol oynayacağını bildirib. 


Mərasimdə iştirak edən şəhid valideynlərinə minnətdarlıq əlaməti olaraq plaketlər təqdim edilib. Tədbirin sonunda Vətən müharibəsi qaziləri təşəkkürnamə, iştirakçı gənclər isə sertifikatlar ilə təltif edilib, xatirə şəkli çəkilib.