"Uşaqlıqdan hiss edirdim ki, mən də müharibədə iştirak edəcəm"

Esed Abasli 10/02/2021

Vətən Müharibəsində qəhrəmancasına vuruşub illərdir həsrətində olduğumuz Qarabağımıza bizə qovuşduran igidlərdən Salmanov Bayram Azər oğlunun döyüşlərlə bağlı xatirələrini sizə təqdim edirik:

"Mən, Salmanov Bayram Azər oğlu 1997-ci il fevral ayının 15-i Mingəçevir şəhərində anadan olmuşam. 2015-ci ildə məktəbi bitirərək oktyabrda hərbi xidmətə yollanmışam. Füzuli rayonunda, "N" saylı hərbi hissədə xidmətdə olmuşam. 2016-cı il aprel döyüşlərində kəşfiyyatçı olaraq iştirak etmişəm. Uşaqlıqdan hiss edirdim ki, mən də müharibədə iştirak edəcəm. 

Hərbiyə hər zaman marağım olub. Kəşfiyyatçı olaraq hərbidə qulluq etmək hər zaman arzum olub. Bu ixtisasda olmağı, xidmət göstərməyi çox sevirəm. 2017-ci ilin aprel ayından tərxis olmuşam. Qayıtdıqdan sonra 2020-ci ilin sentyabr ayına qədər maşın ustası kimi işləmişəm. Tovuz hadisələri baş verəndə könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yollanaraq qeydiyyatdan keçmişəm. Evdəkilər könüllü yazıldığımı bilmirdi. Yazıldığım gün zəng gəldi. Çox sevindim ki, olsa, 100 faiz gedəcəm.

Sentyabrın 27-i döyüş başlayanda dostlarımı yola saldım. 28-i Şəhidlərimizin dəfn etdikdən sonra mənə zəng gəldi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çağırdılar. 29-u səhər 11-də artıq ordu sıralarına qatıldım. Ağcəbədi rayonuna yollandıq. Formalarla, silahlarla təmin edildik. Getdiyim gün hər kəs mənə "Baba" deyərək müraciət edirdi. Hamı bir-biri ilə çox səmimi idi çox. Sanki əvvəldən tanış idik.

Oktaybrın 1-i Füzuli rayonu istiqamətindən döyüşə qatıldıq. Düşmənə məxsus səngərləri yarmışdıq. İndidən sonra yalnız bizi açıq döyüşlər gözləyirdi. Çox keçmədən biz Füzuli rayonunun kəndlərini işğaldan azad etdik. Daha sonra rayon mərkəzi, Cəbrayıl rayonunun kəndləri istiqamətində döyüşlərdə iştirak etdik. Daha sonra Xocavənd uğrunda döyüşlər başlandı və çox getmədən düşmən üçün əhəmiyyətli hesab edilən Hadrut, indiki Ağoğlan qəsəbəsini azad etdik. 

İstiqamət Şuşa idi. Şuşanı azad etməyimizlə düşmənin belini qırmış olacaqdıq. Çünki əsas strateji mövqelər düşmənin əlindi idi və biz onu azad etməliydik. 31 oktyabr hərəkətə başladıq. Noyabrın 1-i düşmənə zərbə vurmaq üçün hazır idik. Qruplarımız artıq düşməni mühasirəyə almışdı. Düşmən anidən topxana meşəsini fosforlu yanıcı mərmilər ilə vurdu. Nə baş verdiyini bilmədik. Mərmi başımıza yağıştək yağırdı. Tez uşaqlara dedim ki, dağılışsınlar. Mərmi yanıma düşdü və məni qırağa atdı. Heç nə eşidə bilmirdim. Özümü toparlayıb dostlarımın yanına getdim. Eləcə mənə baxırdılar. Anidən ikinci mərmi də yanımıza düşdü və mən yalnız dostumun bu sözünü eşitdim: "Ay ana..."

Ayılanda dostum Fazil və Yaşarın məni daşıdıqlarını gördüm. Ayağımı hiss etmirdim. Zorla Fazilin əlindən tutub bir kəlmə dedim ki, atın məni yerə, ayağım yoxdur. Daha sonra məni Şuşa fermasına gətirib tibb maşınına qoydular və ordan çıxardılar. Ayılanda isə Füzuli hospitalında idim. 

Noyabrın 7-nə kimi qala bildim orada. Yenidən könüllü vuruşmaq istədim və Şuşaya sarı yola düşdüm. Şuşanın azad edilməsində əməyim olduğu üçün qürurluyam. Ayağımdan aldığım zərbədən sinirlərim zərər görmüşdü və nitqim tutulmuşdu. Yaralı olmağıma baxmayaraq yenə də müharibə olsa, gedərəm".