Pandemiyanın ikinci dalğası gözlənilirmi? Açıqlama.

Memmedova Fidan 02/10/2020

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarını yumşaltsa da hələ də yoluxma sayı artıb-azalmaqda davam edir. Ekspertlər isə deyir ki, bu, COVİD-19-un birinci dalğasıdır.

Bugünlərdə Gürcütsnın baş naziri Giorgi Qaxaria da açıqlama verərək ölkələrində pandemiyanın ikinci dalğasının başladığını elan edib. İkinci dalğa sərhədlərimizə qədər gəlib çatdığı təqdirdə bundan təlaş etməyə gərək varmı? İkinci dalğanın nə kimi ağır fəsadları ola bilər?

Baş infeksionist Cəlal İsayev XəbərBuro saytına açıqlamasında həyəcan təbili çalıb və bildirib ki, pandemiyanın birinci dalğası uzun sürməyi ilə yanaşı, ikinci dalğa daha da pik həddə çatacaq: “Yadınızdadırsa Gürcüstanda yoluxma hadisələri tamam aşağı düşmüşdü. Birdən-birə yoluxmanın 55-ə yüksəlməsinə ikinci dalğa demək olar. Amma bizdə bu rəqəm daha da yüksəkdir, üçrəqəmlidir. 540-550 civarında fırlanır. Xəstəliyin bitməsi üçün yoluxma sayı minimuma enməlidir. Yoluxma sayının artması pik həddin təkrarlanması kimi qiymətləndirilir. Dünyada tək bizdə yox, əksər ölkələrdə birinci dalğanın hələ də davam etməsi müşahidə olunur. Birinci dalğanın xüsusiyyəti budur ki, daha uzunmüddətli davam edir, 3-5, hətta 9 ay çəkə bilir. Bir sözlə, respirator virus infeksiyalarının qoşulması xəstəliklərin artmasına səbəb olacaq. Bu cəhətdən virus ikinci dalğa yaşayacaq və bu dəfə daha pik həddə çata bilər."