Azərbaycan-Türkiyə media əməkdaşlığı haqda açıqlama.

Memmedova Fidan 02/10/2020

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov Türkiyədə rəsmi səfərdə olublar.

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi isə Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək olub.

Dövlət rəsmilərinin bu səfəri Azərbaycan mediası üçün nə kimi yeniliklər gətirəcək?


Bu barədə filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli Xəbər.Buro saytına açıqlamasında Türkiyə-Azərbaycan mediasında birlik yaradılmasını doğru hal kimi qarşıladığını, bəzi, kiçik əks cəhətlər olsa belə birgə əməkdaşlıq sayəsində onların aradan qalxacağını bildirib: "Son illərdə bir neçə dəfə Türkiyə-Azərbaycan platformasının, bütövlükdə türkdilli ölkələrin informasıya agentliyinin yaradılması, ümumi televiziya kanalının yaradılması barədə söhbətlər gedib. Amma bu dəfəki heyətə baxanda bu, bəlli bir siyasət şəklində görünür. Yüksək vəzifəli insanlar, media qrupunun rəhbərləri və media siyasəti ilə məşğul olan insanların Türkiyədə olması, bu barədə danışıqlar aparması müəyyən bir planın, işin nəticəsidir. Azərbaycanın Türkiyənin media təcrübəsini öyrənməsi, onunla birgə hansısa platformanı yaratması müsbət hadisədir. Düzdür, orda da siyasi reallıqdan doğan problemlər var, amma bununla yanaşı, ənənə olaraq Türkiyə mediyası plüralist, demokratik bir mediadır.

Bu prinsiplər əsasında platformanın yaradılması çox faydalı olardı. O mənada faydalı olardı ki, hər iki ölkənin həyatına aid dəqiq, dürüst, obyektiv məlumatlar almaq, fikir mübadiləsi aparmaq, ictimai müzakirələr keçirmək, problemləri qavramaq,Türkiyənin, Azərbaycanın siyasəti barədə hər iki ölkənin ictimaiyyətini məlumatlandırmaq çox faydalı olardı. Belə bir şeyin yaradılmasını şübhəsiz ki, alqışlamaq lazımdır. Əlbəttə, burda müəyyən bir problemlər də var. Şübhəsiz ki, bütün yaxınlığa baxmayaraq dil fərqi ortada görünə bilər, predmetə, hadisələrə yanaşmada müəyyən fərqlər ola bilər, amma birgə süzgəc yaradıcılaqsa, bu maneələri ortadan qaldırmaq mümkündür. Hesab edirəm ki, belə bir platformanın yaradılması Azərbaycan mediası üçün bir oksigen balıncı ola bilər. Yəni normal prinsiplərə uyğun peşəkar media fəaliyyətini müşahidə etmək bizim üçün uğurlu bir səhifə olacaq."


Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan mediasının əməkdaşlığının Azərbaycan mediasına böyük bir təsir imkanı olmayacaq:

"Hökümət rəhbərləri media arasında informasiya mübadiləsini müəyyən etsə də, bunun müstəqil media anlayışına o qədər də təsiri yoxdur. Yəni, hökümət istəsə də belə, sadəcə rəsmi dövlət qurumları arasında informasiya mübadiləsi gedə bilər. Məsələn, AZƏRTAC'la Anadolu agentliyi və yaxud TRT ilə İTV yayım. Ümumi götürdükdə iki ölkənin bütün informasiya resursları bir-biri ilə yüksək əməkdaşlıq anlamına gəlməz. Çünki, müstəqil media haradan, necə informasiya götürəcəyini və yayacağını özü müəyyən edir. Onun auditoriyasının ehtiyyaclarına və jurnalistikaprinsipinə görə müəyyən edilir. Bu baxımdan, Azərbaycan mediasına onsuz da böyük bir təsir etmək imkanının olduğunu düşünmürəm. Azərbaycan mediası indi də maksimum Türkiyə mətbuatından istifadə edir. Yəqin bundan sonra da dəyişən bir şey olmayacaq. Yəni bizim informasiya resursları ən çox mənbə olaraq Türkiyə mənbələrinə istinad edirlər."