Karonavirusa yoluxan qızın acınacaqlı məktubu

Esed Abasli 27/06/2020

 YoungPress.az xəbər verir ki, Mingəçevir şəhər sakini Nəsrin İmamverdiyeva ailəsi ilə birgə koronavirus infeksiyasına yoluxub. N.İmamverdiyeva xəstəliklə mübarizə apararkən yaşadıqlarını qələmə alıb. "XəbərBuro" virus daşıyıcısı  qızın yazdıqlarını təqdim edir.

"Yaşadıqlarımı bestseller kitablarından oxusanız da dərk edə bilməzsiniz. Çünki yaşamaq lazımdır onları anlamaq üçün. "Səni anlayıram" ifadəsini deyəndə anlamadığınızı bilirəm. Nə qədər çabaladıqca bir o qədər xəstəlik canınızı didişdirir. Haçan ki, ümid yaranırdı içimdə ki, sağalacam, tələsən ayaq səsləri, xəstə iniltiləri eşidib can verən insanlar gördükcə lap dibə çökürdüm. Vallah sadəcə qocalar ölür demək ağılsızlıqdı. Əcəli çatan, gücü olmayan, dözə bilməyən və xəstəliyin ciyərlərini ələ keçirdiyi hamı ölürdü. Bədən sanki özü özünün fəaliyyətini dayandırmışdı. Vücudum iynələrə qarşı reaksiya vermirdi. Heç damarıma nə zaman iynə girir nə zaman iynə çıxır xəbərim olmurdu. İnsan tək özü olsa nə var ki. Qardaşımın halı azacıq pisləşəndə dəli olurdum. Leş dadsa da üfunət qoxsa da yeməli idim nəsə. Yaşamaq üçün yeməli idim. O qədər canım yanırdı ki, mənə inanmayanlara nəsə izah edəcək gücü tapmırdım özümdə. Mədəm balacalanmışdı. 1 qaşıq da artıq yesəm daha tez sağalaram deyə düşünürdüm. Bəzən isə iynəni düzgün damara yeritmirdilər. Bu canımı lap çox yandırırdı. İnsanlar yaşamadığı müddətcə ciddi qəbul etmir, mənə inanmırdılar. Sadəcə canımın yanması deyildi məsələ. Ölümlərin içində ən əzablılarından idi. Bu qədər əzab içində ölmək istəmirdim. Məni anlamadıqlarını deyəndə əsəbləşirdilər, küsürdülər. Bəzi acıları yaşamaq lazımdı anlamaq üçün. Anlamağa çalışmaq anladığınız mənaya gəlmir. Acı mənə elə şeylər yaşatdı ki, onu izah etməyin yollarını axtarırdım. Əzabını dadını bilirdim deyə istəmirdim kimsə bu cəhənnəmə düşə. Nə qədər canım yansa da mənə güldüklərində yenə yoluxmasınlar deyə dua edirdim. Başqa vaxta qalsa bilmədən canımı ağrıdan ehtiyyatsızlıq edən həkimin üstünə qışqırardım. Amma onların halını da anlayırdım. O paltarda nəyinki başqasına qayğı göstərmək, hərəkət etmək belə çətin idi. Bəzən əsəbi bəzən isə çox mehriban olan tibb işçiləri ilə qarşılaşırdıq. Nə cür rəftar etmələrindən asılı olmayaraq onları qınamaq belə istəmirdim. Necə ki, mənim kimi virusa yoluxmayan məni anlamırdısa, eləcə də mən onlar kimi evdən didərgin düşərək bütün günü o paltarda xəstələrə qulluq etməyi anlaya bilməzdim. Su istəyəndə içirdim amma onlar içəmmirdi. Yenə də zənnimcə xəstəliyə yoluxmadıqlarından bizdən daha az əzab çəkirdilər. Qışda xəstə olanda isinmək həm tərlədir rahatlaşdırırdı həm də isindikcə bədənin ağrısı azalırdı. Amma yayda bu virusa tutulmam əlavə də zərbə idi. Azacıq isti olan kimi nəfəs almağım çətinləşirdi. Bilmirəm insan bu halında nəsə anlaya bilərmi? Amma ən azından mən canı ağrıyan birinə bu sözləri deyərdim həmişə: "bilirəm ki, əzablıdır. Sənin yaşadıqlarını anlaya bilmərəm. Çünki o iynələr mənə batmır o əzabı mən çəkmirəm amma bilirəm ki, dözümlüsən. Sənə güvənirəm" Kaş bu cümlələri də mənə desəydilər. Çünki, bu halımla belə Allah onlar mənə güldükləri üçün onlara qəzəblənib bu bəlaya salar deyə qorxurdum. İlk dəfə idi ki halıma gülənlərə də bu virus yoluxmasın deyə qorxurdum dua edirdim. İlk dəfə idi ki, acılar içində qıvrılarkən birinin mənə gülməsinə əsəbləşmirdim. Canım yandığı üçün əsəbi idim onlar güldüyü üçün yox. Amma əsəbi danışığıma qəzəblənirdilər. İnsanların mənə bəzi tərzlərlə baxışlarını dərk edəmmirdim. Sanki bu xəstəliyi mən yaratmışdım. Mənim qəzəblənməyə haqqım var idi ən azından çünki əzab çəkirdim. Lakin sağlam insanların xəstə rəftarlarına heç cür haqq vermirdim. Sağlam ikən xoşbəxt olmağa ətrafımızda o qədər səbəb olurdu ki. Amma xəstə ikən bir bəhanə axtarırdım sevincli olmağa. Yaşayırdım əzablar içində amma o belə məni sevindirirdi. Ani olaraq yeməyin dadını aldığım anlar olurdu. O an bütün arzularım yerinə yetibmiş kimi hiss edirdim. Kimsə anlasın deyə yazmıram bunları. Neçə 100 dəfə təkrar-təkrar oxusanız da anlamağınızı gözləmirəm. Buna görə qınamıram sizi. Özümü qoruyurdum çünki hər şeydən tez diksinirdim deyə əlimi yuyurdum tez-tez. Maska da taxırdım. Sırf aksesuar kimi belə maska taxmağı xoşlamışam hər zaman. Baxdığım filmlərin ya da bir sıra ölkələrin geyim tərzi və dəblə bağlı təsirindən əlcək belə geyinirdim. Amma bu virusun varlığına çox inanmırdım. İnanmasam da bəziləri kimi onu ələ salıb lağ etmirdim. Ya da mən heç vaxt tutulmaram deyib, necə gəldi rəftar etmirdim. İndi bu yaşadıqlarımı yazmağımın tək səbəbi bəlkə az da olsa içimdə dinclik taparam deyədir. Bu xəstəlik mənə o qədər şeyi öyrətdi ki, bir ömür üsyan etməyə Allaha özüm də haqq tapmıram. Qəzəblənib haçansa da üsyan etsəm bu çox uzun çəkməyəcək. Həyata məni bağlayan hər şeyi gerçək etmək üçün çabalamağa gələcəkdə yetəri qədər inam hissim yarandı. Nə vaxtsa pessimistliyə qapılsam da bu qədər əzaba dözə biləcəyimi bildiyi və mənə güvəndiyi üçün Allahın məni seçdiyini bilirdim. Uşaq olanda bir çoxumuza elə gəlirdi ki, müəllimlər yemək yemir və ya onlar evə heç getmirlər. Mən həkimlər biz pis olanda pis olmur deyə düşünürdüm. Əvvəllər ürəyimdə hansısa həkim mənə iynə vuranda ya istəmədən canımı ağrıdanda "əşii sənin nə vecinə axı, canı yanan mənəm"deyirdim. Amma hər dəfə biz pis olanda həkimlərin nə qədər qorxu, həyacan hissi keçirdiyini bizim üçün nə qədər çabaladıqlarını görürdüm. Vaksini olmayan bir xəstəliyə yoluxubsunuz. Düşünün. Hər xəstəliyin demək olar tibbdə dərmanı vardı ama bu təzə idi. İnsanın ağlına min bir fikir gəlirdi. Kim bilir bəlkə hansısa mənfi qüvvələrin mənafeyinə hələ vaksinin tapılması uyğun gəlmirdi?! Bəlkə mən 2021ə karantində və xəstəxanada girəcəkdim? Ya bu vaksin 2025-ə dək tapılmazdısa? Xəstəxanaya gəlməzdən əvvəl 2 gün evdə 38-39 C istiliyim oldu. Və müalicəni dayandırmışdıq. İcazə vermirdilər. Gecə təcili yardıma deyirdik ki nə edək? onlar iynə vurmağı deyirdilər. Mən bacarmırdım. Bacarsam da o an özümdə deyildim. Xəta etsəm özümə zərər verə bilərdim. Heç kim iynə vurmağa gəlmirdi. Qorxurdular ki yoluxarlar. Heç sizin test cavabınızın pozitiv çıxması üçün Allaha dua etmisinizmi? Mən etmişdim. Niyə? Çünki cavab çıxmasa karantinə gedəmməyəcəkdim. Hospitala getməsəm bilirdim ki daha da pis olacaqdım. Axı sağalda bilmirdim özümü və getdikcə halım pisləşsə öləcəkdim. Test neqativ gəlsə konkret öləcəkdim deyə düşünürdüm. Hospitalda isə nisbətən yaxşılaşdım. Amma bu çox çəkmədi. Sözün əsil mənasında baxdığım o qədər filmlərə baxmayaraq, sadəcə bütün o halları gördükdə daha yaxşı anladım. Bütün o insan fəryadlarını, həkimlərin təcili xəstəyə yardım göstərməsini və s. Bir sözlə özüm də anladım ki, anlamaq üçün yaşamaq gərəkdi. Amma istəmirəm kimsə məni anlasın. İstəmirəm kimsə bu xəstəliyə yoluxsun"