Bakıda evə düşən fişəngin ardından baş verən yanğın söndürülüb

31/12/2023

Bakının Xətai rayonunda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunublar. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunublar.

Qeyd edək ki, Bakıda Yeni ilin gəlişi münasibəti ilə atəşfəşanlıq keçirilən zaman atılan fişənglərdən biri yaşayış evinə düşüb və daha sonra mənzildə yanğın baş verib.