Yasamalda göl ətrafının ərazisi əvvəlki halına gətirilib

Bir müddət öncə paytaxtın Yasamal rayonunda “Üç Tac” yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb olunmasına dair sakinlər müxtəlif qurumlara, o cümlədən Prezident Administrasiyasına müraciətlər etmişdilər. Müraciətə baxıldıqdan sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri təcili tədbirlər görərək ərazidə ətraflı baxış keçiriblər.
"Qafqazinfo"ya əsasən "XəbərBuro" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətindən daxil olan məlumatına görə, araşdırma nəticəsində müəyyənləşib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsinə dair mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı mövcud balans pozulub və əraziyə zərər dəyib. İcra strukturları təcili təxirəsalınmaz işlər həyata keçiriblər. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki halına gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq olunub.
Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu haqda söhbət gedə biləz.
Hazırda “Üç Tac” yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə bitəcək.
Yaşayış kompleksinin sakinləri məsələyə operativ reaksiya göstərdiyinə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirərək şəhər hakimiyyət orqanlarının ərazini ilkin vəziyyətinə qaytarmaq planlarını birmənalı şəkildə dəstəklədiklərini söyləyiblər.
Vətəndaşların müraciətlərinə dərhal operativ reaksiya verilib. Bu da bir daha sübut edir ki, vətəndaşların müraciətləri ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzindədir və aidiyyəti qurumlar onların həlli üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirirlər.