Xüsusi karantin qaydalarını pozmuş vəzifəli şəxs saxlanılıb

Məmmədzadə Zərintac 07/08/2020

Xüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxsi polis əməkdaşları saxlayıblar.

"XəbərBuro" xəbər verir ki, Daxili İşlər Nazirliyindən olan məlumata görə  keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.

Araşdırma vaxtı müəyyənləşib ki, Mahir Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kəndin sakini bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib.

Saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə imkan yaradıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.