XİN: Slovakiya da Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək

Mükafat İsazadə 25/02/2022

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə müraciət edib.


"XəbərBüro"  XİN-ə istinadən xəbər verir ki, Moldova və Polşadan sonra Slovakiya da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.


Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Slovakiya Respublikasına gedə bilər:


- Azərbaycan Respublikası vətəndaşlarının iki ölkə arasındakı Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə Slovakiya Respublikasına daxil olmaları mümkündür.

- Slovakiya tərəfi şəxslərin Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.

- Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.


Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması üçün Slovakiya Respublikasının aşağıdakı rəsmi qurumları ilə əlaqə saxlanıla bilər:


1.Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi Email: [email protected] Telefon: +4212961050730, +421905607843


2.Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyi Email: [email protected] Telefon: +421259783080, +421918660332


Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.


Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.


Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.