"Xəzər günü"nünə dair təmizlənmə işləri davam edir

Məmmədzadə Zərintac 12/08/2020

“Xəzər günü” ilə bağlı Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi davam etdirilir.

"XəbərBuro" xəbər verir ki, bu cür tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü əsasında Abşeron Milli Parkının Xəzər sahili sanitariya-mühafizə zonasında həyata keçib.

Tədbirin keçirilməsinin səbəbi Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlığı gücləndirməkdir. 

Karantin rejimi qaydaları ilə keçirilən aksiyada ETSN-nin, Xəzər televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak ediblər.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının bərpasına və mühafizəsinə diqqət göstərən aksiya vaxtı 10 hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib,  tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. 

“Xəzər günü”nə həsr olunmuş tədbir  Abşeron Milli Parkında davam etdirilib.

İştirakçılara “Özün yarat” müsabiqəsinin yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri, təbii resurslardan alınan təbiət kollajları nümayiş olunub.


12 avqust 2006-cı ildən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi barədə  Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.