Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşdü

Leyla Aliyeva 24/09/2020

Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Salome Zurabişvili ilə görüşüb.

"XəbərBuro" xəbər verir ki, nazir səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd edib. İki ölkə arasında hər üç - siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.

Tərəflər bölgədə mövcud olan həll olunmamış və regional təhlükəsizliyə ciddi təhdid olan münaqişələri qeyd edərək, bu münaqişələrin həll olunmasında oxşar mövqe sərgilədiklərini diqqətə çatdırıblar. Ölkələrimizin bir-birlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulanıb.

Gürcüstan prezidenti bölgədə sülh və sabitliyin təmin olunmasının vacib olduğunu vurğulayıb.

Ceyhun Bayramov öz növbəsində, Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.

Görüşün sonunda Salome Zurabişvili Azərbaycan Prezidentini və Birinci vitse-prezidenti Gürcüstana səfərə dəvət edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.