Xalq artisti Rəmiş: “Alveri bacarmıram, mağazada işləyə bilmərəm”

Fəxriyyə Qüdrətli 20/06/2020

"Rəmiş” təxəllüsü ilə məşhurluq qazanan, gitara ustadı, Xalq artisti Rafiq Hüseynov səhhətindən söz açıb.

"XəbərBuro" xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramının kamerası önünə keçən 75 yaşlı sənətkar təngnəfəslikdən əziyyət çəkdiyini bildirib:

“Təngnəfəs oluram. Nazı adında həkim xanım var, qonşuluqda yaşayır. Onu çağırıram mənə dərman vurur düzəlirəm”.

Ömür-gün yoldaşı Güllü Hüseynovadan bir dəqiqə belə ayrılmayan Rəmiş “Güllü ilə mən bir-birimizə qulluq edirik. Evdə ikimizik, başqa heç kim yoxdur”, - deyib.

Xalqın sevilən sənətkarı kənarda heç bir biznesinin olmadığını bildirib: “Alveri bacarmıram, mağazada işləyə bilmərəm. Ancaq işim musiqidir”.