Vüqar Rəhimzadə: "Dünya niyə erməni vandalizminə göz yummağa davam edir?"

Məmmədzadə Zərintac 23/07/2020

"İyulun 12-də  Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı.  Ordumuz bir daha hansı gücə,  qüdrətə malik olduğunu işğalçı dövlətə, eyni zamanda, ona havadarlıq edən dairələrə nümayiş etdirdi. Azərbaycan Ordusuna dəstək adı altında istər ölkə daxilində, istərsə də dünya ölkələrində keçirilən tədbirlər birliyimizin, həmrəyliyimizin, vətənpərvərliyimizin təqdimatında bir daha əhəmiyyətli rol oynadı".

"XəbərBuro" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

V.Rəhimzadə  təəssüflə belə  bir  məqamı da diqqətə çatdırıb ki,  Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısı qətiyyətlə alındıqdan sonra  dünyanın müxtəlif yerlərində, həmçinin ABŞ-da radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb:

"Soydaşlarımız dünyanın müxtəlif ölkələrində  aksiyalar keçirir, dövlətimizin dəyişməz, tarixi faktlara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən    mövqeyini   bir daha  dünya ictimaiyyətinin diqqətinə çatdırır, erməni yalanları  əsaslı şəkildə ifşa olunur, ən əsası dünyanın yaşadığı hüquq probleminin yaratdığı çətinliklərə diqqət yönəldilir.  Gəlin, yada salaq ki,  müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə imkanlar yaradırdı. Ermənilər  və erməni diasporunun bu yalanları nəticəsində Ermənistan işğala məruz qalan tərəf kimi təqdim olunurdu. 

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  əsas diqqət göstərilən məsələlərdən biri də  Azərbaycan ətrafında  yaradılan informasiya blokadasının yarılması oldu. Ümummilli Lider   diasporu hər bir dövlətin xaricdəki varlığı kimi  qəbul edərək bu hərəkatın genişlənməsi istiqamətində mühüm addımlar atdı.  Məhz  Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində  erməni yalanları ifşa olundu, erməni diasporunun dünyada cərəyan edən proseslərə təsir imkanları heçə endirildi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatlarının yaradılması, onlar arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsi, bu qurumların  vahid mərkəzdən idarə edilmələrinin təmin olunması üçün Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi öz əhəmiyyəti  ilə diqqət çəkdi. Bu gün güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir". 

Baş redaktor bildirib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı İlham Əliyev əsas diqqəti Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələrə yönəldərək bəyan etmişdir ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır.

"Bu gün dünyanın əksər ölkələrində Azərbaycan diaspor  təşkilatlarının   təşkilatçılığı ilə  keçirilən yürüşlər də  həqiqətlərimizin təbliğinə xidmət edən addımlar sırasındandır" söyləyən V. Rəhimzadə qeyd edib ki, erməni radikal dairələri  həmin  aksiyalar zamanı dinc azərbaycanlı etirazçılara vəhşicəsinə hücum edir,  bəzi həmvətənlərimiz zorakılığa məruz qalırlar:

"Nəticədə bir neçə həmvətənlərimiz ciddi bədən xəsarətləri alıb. Bu təxribatlara dünyanın   göz yumması diqqətdən kənarda qala bilməz. Artıq bu kimi olaylar bir daha onu göstərir ki, erməni vəhşiliklərinə, vadalizminə görə Ermənistana heç bir  sanksiyanın tətbiq olunmaması  onların  bu çirkin əməllərinin coğrafiyasını daha da genişləndirmələrinə  sitimul verir. Son təxribatlarla bağlı  iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında  da bu barədə ətraflı məlumat verilib".

V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın bir qayda olaraq  döyüş meydanında daim məğlub olması  sonrakı dövrlərdə belə təxribatların baş verməsi ilə müşayiət edilir. Bu gün ictimaiyyətdə maraq və  sual doğuran məqamlardan biri də  Avropadakı tural sadıqlıların, qənimət zahidlərin, ABŞ-dakı sevinc osmanqızıların, cəmil həsənlilərin susmasıdır. Avropada, ABŞ-da həmvətənlərimizə qarşı qeyri-insani hərəkətlər edilir, amma «düşmən dəyirmanına su tökən» bu antimilli ünsürlər seyrçi mövqedə dayanmağa daha çox üstünlük verirlər:

"Budur  onların "Vətən təəsübkeşlikləri". Təbii ki, vətəndaşlıq təəssübkeşliyi olmayan  şəxsin  dövlətçilik maraqlarının qorunmasından danışması  qeyri-mümkündür.  Ermənlərlə, ermənipərəst qüvvələrlə işbirliyində olan belələri soydaşlarımıza  qarşı  bu təxribatlara sanki   sevinirlər.  Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdikləri halda, «sapı özümüzdən olan baltalar»ın, xarici dairələrin əlində bir alətə çevrilib onların maraqlarının ifadəsinə çevrilən bədxahların əsl siması, çirkin niyyətləri özünü daha qabarıq şəkildə büruzə verir. Dövlətin, xalqın maraqlarını bir kənara qoyub öz şəxsi ambisiyalarının quluna çevrilən antimilli ünsürlərdən Vətən, dövlət, xalq naminə hansısa addımı gözləmək  sadəlövhlükdən başqa bir şey deyil".