Virusdan xilas yolu tapılır – Azərbaycanlı həkim yeni elmi nəticəni şərh edir

Esed Abasli 28/04/2020

Son günlərdə COVID-19 peyvəndi ilə bağlı elmi tədqiqatlarda da aşkar canlanma hiss olunur. Bu istiqamətdə fərqli mərhələlərdə olan elmi tədqiqatlar da davam edir. Pekində aparılan və artıq çox şeylər vəd edəcək araşdırmanın məzmunu, həmçinin əldə olunan nəticələr barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Lent.az -a açıqlama verib.

O bildirib ki, artıq dünyada COVID-19 peyvəndi ilə bağlı 70-dən çox fərqli mərhələdə olan elmi tədqiqatlar aparılır: "Elmi arenada son günlərdə ən çox diqqət çəkəni və müzakirə olunanı Pekində aparılan bir tədqiqatdır. Bu, neçə müddətdir başlayıb və keçən həftə elmi ədəbiyyata əlyazma formasında daxil olub. Tədqiqatda araşdırma yalnız orqanizmin bu peyvəndi necə qəbul edəcəyi istiqamətdə deyil, bununla bərabər, peyvəndin COVID-19 virusuna necə təsir edəcəyi barədə aparılıb. Bu araşdırma, ölmüş virusdan hazırlanmış peyvəndlər, məsələn, tetanus əleyhinə olan peyvənd kimi, 8 meymun üzərində aparılıb. Maraqlı bir fakt da qeyd olunur ki, peyvəndin meymunlar üzərində sınağının uğurlu olmasını nəzərə alaraq, artıq insanlar üzərində də tədqiqata başlanılıb.

Ümumiyyətlə, son elmi ədəbiyyatlarda göstərilir ki, bu cür hüceyrə kulturasında yetişdirilməklə və sonradan öldürülərək hazırlanmış peyvəndlərin yaratdıqları güclü immun reaksiya müvafiq ağırlaşmalara səbəb olur. Bu növ peyvəndlərin hazırlanması və istehsal konsepti digər peyvənd növlərinə görə çox sadədir. Belə peyvəndlərin üstünlüyü həm də odur ki, klinik tədqiqata başqalarına nisbətən çox tez başlamaq imkanı var”.

Maraqlıdır, bu cür peyvəndlər qərb ölkələrində, xüsusilə Amerika və Almaniyada da aparılırmı?

N.Abdullayev bildirib ki, bu yolla hazırlanmış peyvəndin tətbiqində yarana biləcək risklər və ağırlaşmalar nəzərə alınaraq, belə bir tədqiqat Amerikada və Almaniyada aparılmayıb: "Məsələn, başqa peyvəndlərin hazırlanması, istehsalına icazəsi və istifadəyə verilməsi üçün 12-18 ay zaman lazımdır. Yuxarıda qeyd etdiyimiz üsulla hazırlandıqda isə daha az zaman lazım olur. Hətta bunun istehsalı zəif inkişaf edən ölkələrdə belə mümkündür”.

Tədqiqatın nəticələrinə gəldikdə, N.Abdullayev bildirib ki, daha öncə bu şəkildə hazırlanan peyvəndlərdən fərqli olaraq, immun reaksiyanın güclənməsinə və ya onun fonunda ağırlaşmalara rast gəlinmir: "Tədqiqat siçan və dovşanlar üzərində müvafiq uğurlu anticismlərin alınmasının təsdiqindən sonra meymunlar üzərində aparılıb. Meymunlara isə ölmüş virusdan ibarət peyvəndi eynilə insana tətbiq olunacaq şəkildə fərqli dozalarda və fərqli intervallarla tətbiq ediblər. Müvafiq anticismlərin əmələ gəlməsi burda da müşahidə edilib. Sonra çox böyük virusyükü ilə meymunlar narkoz altında COVİD-19-a yoluxdurulub. Qeyd edim ki, insan həmin virus yükündən dəfələrlə azı ilə virusa yoluxur. Nəticədə peyvəndi fərqli dozalarda alan meymunların hamısında, hətta böyük virus yükü ilə yoluxanlarda belə, virusa qarşı güclü müdafiə müşahidə edilib. Sonra meymunların ağciyərləri də daxil olmaqla, bütün orqanları ciddi müşahidədən keçirilib, ağciyərlərin qorunması müşahidə edilib! Yüksək dozalı peyvəndi alan meymunların ağciyərlərində heç bir virus tapılmayıb, az dozalı peyvənd alan meymunların ağciyərlərində isə çox cüzi virus tapılıb. İmmunhüceyrələrdə aparılan müvafiq testlərlə də immun reaksiyanın patoloji güclənməsi və ya onun fonunda olacaq ağırlaşmalar inkar olunub. Bu, əvvəlki eyni üsulla hazırlanmış koronavirus peyvəndlərində mümkün olmurdu”.

Müsahibimiz tədqiqatda qeyd edilən çox vacib müşahidələrdən birinə də toxunub. O, qeyd edib ki, virusun dünyadakı bütün mutasiya olunmuş növlərinə bu peyvəndin təsir gücü də yoxlanılıb: "Nəticə pozitivdir və bu peyvənd bütün növ COVID-19 viruslarına təsir edir”.

Maraqlıdır, Pekində aparılan bu tədqiqatın yekunları bəşəriyyətə və elmə nə vəd edir? Dünyada tüğyan edən COVİD-19 pandemiyasının qarşısının alınmasında hansı rolu oynayacaq?

Nuran Abdullayevin sözlərinə görə, hazırlanması və istehsalı dəfələrlə sadə olan bu peyvəndin insanlar üzərində də tətbiqi önümüzdəki günlərdə başa çatacaq: "Müsbət təsirin sübut olunacağı ehtimalı çox böyükdür. Belə olsa, qısa müddətdə bütün dünyada bu nəticənin tətbiqinə başlanılacaq və bununla da bəşəriyyəti COVID-19 pandemiyasından qurtaracaq ilk peyvənd növü kimi tarixə düşməyinə səbəb olacaq”.