Usta yıxılıb öldü

Leyla Aliyeva 18/08/2020

Abşeron rayonunda yeni tikilən binada usta yıxılaraq ölüb.

"XəbərBuro" bildirir ki, rayon prokurorluğundan verilən məlumata görə, avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından usta yıxılaraq aldığı xəsarətlərdən vəfat edib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun “Stansiya Sumqayıt” adlı yaşayış massivində inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.