XəbərBuro

Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş olublar

26/06/2025

Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Onlar sənaye parkında investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.

Bildirilib ki, Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

Park rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikincidir. Sənaye parkında iş adamları dövlət vəsaiti hesabına infrastrukturla təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.

Sənaye parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur.

Türkiyənin media nümayəndələri Parkın rezidentləri “Bafco İnvest”, “Mister Decor” və “Eel Electric” MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Media təmsilçiləri Ələt Azad İqtisadi Zonasında da olublar. İqtisadi Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov qurumun fəaliyyəti, burada yaradılan biznes imkanları haqqında jurnalistlərə məlumat verib. Qeyd olunub ki, iqtisadi zona yüksək dəyərli və ixracyönümlü istehsal sahəsi üzrə investisiyalar üçün əlverişlidir.

Türkiyənin media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkın fəaliyyəti ilə tanış olub, ölkəmizin əlverişli işgüzar mühiti haqqinda geniş məlumat əldə ediblər.

Related Articles