Tovuz rayonunda kəndlərə dəymiş ziyanın hesablanmasına başlanılıb

Məmmədzadə Zərintac 21/07/2020

20 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.  Sərəncamla dövlət qurumlarına Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi tapşırılıb.

"XəbərBuro"  xəbər verir ki, sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, həmçinin, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb. Vəziyyətlə bilavasitə yerində tanışlıq və qiymətləndirmə işlərinin aparılması üçün mütəxəssislər Tovuz rayonuna ezam ediliblər.

Hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin olunacaq.

Əsas ziyanın Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəymişdir. İlkin qiymətləndirmələrə görə, bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, habelə vətəndaşların şəxsi əmlakının və əkin sahələrinin müxtəlif dərəcədə ziyan aldığı müəyyənləşib. İntensiv atəş səbəbindən dövlət əmlakı zərər görüb. Əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

Dəymiş ziyan tam həcmdə müəyyənləşdikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət Tədbirlər Planı hazırlayacaq, zərər vurulmuş obyektlərin və yaşayış evlərinin tam bərpası işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi prezidentin şəxsi nəzarəti altındadır.

Dövlət başçısının tapşırığı ilə Tovuz rayonunun döyüşlər gedən ərazisində infrastrukturun bərpası prioritet məsələ olaraq müəyyən olunub. 2016-cı il aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi cəbhəyanı bölgələrdə normal həyat tərzinin bərpasının nə dərəcədə vacibliyinin əyani göstəricisidir. Ağdam və Tərtər rayonlarında da döyüş əməliyyatları zamanı yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri cəmi altı ay ərzində yekunlaşıb.