Tofiq Yaqublu hospitala yerləşdirilir

Məmmədzadə Zərintac 12/09/2020

Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir.

"XəbərBuro" xəbər verir ki, bu haqda Tofiq Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşıb.  Atasının indilərdə "City Hospital"a gətirildiyini bildirib.

Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.