"Tik-toker"i öldürən şəxsə hökm oxundu

Esed Abasli 09/12/2021

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"XəbərBüro" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin may ayında Göyçay rayonu, Bığır kənd sakini, 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.

Qətli törədən Vüqar Bədəlov saxlanılıb. Qızın anası Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.

Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini qeyd edib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.

Xatırladaq ki, dayı bacısı qızını namus üstdə öldürdüyünü bildirib. F. Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi qeyd edilib. F. Məmmədova həmçinin məhşur tik-toker olub. Onun sosial şəbəkələrdə bir çox videogörüntüləri yayılıb.