Tibbi maska tələbi ilə bağlı BNA-nın qərarını dəstəkləyirik
Aparılan müşahidələr göstərir ki, avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etməyən sərnişinlərin sayı kifayət qədərdir. Artıq hər birimizin yaxın çevrəsində virusa yoluxanların sayı artıqca, belə şəxslərin məsuliyyətsiz davranışı qəbulolunmazdır.
Məlumdur ki, ictimai nəqliyyatda tibbi maskadan istifadə artıq zəruri tələbə çevrilib. Bəs hazırda bu tələbə əməl edilməsinə nəzarət necə həyata keçirilir və bu yöndə hansı tədbirlər görülür?
"Xəbərburo" bildirir ki, məsələ ilə bağlı Sfera.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirdi ki, hər bir vətəndaşın ictimai nəqliyyatda qoruyucu tibbi maskadan istifadəsi vacibdir:
"Hər kəsə məlumdur ki, son zamanlar pandemiya sürətlə yayılmaqda davam edir. Biz bunu günləlik statistikada da görürük. Qabaqlayıcı tədbirlər, karantin şərtlərinin sərtləşdirilməsi də hətta buna kömək edə bilmir. Buna görə də, hər bir vətəndaşın, hər bir sərnişinin bu sahədə diqqətli olması və ciddi şəkildə tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi kimi qaydalara əməl etməsi vacibdir. Bir müddət əvvələ qədər insanlar virusun mövcudluğuna şübhə ilə yanaşırdılar. Lakin bir çox tanışları virusa yoluxan bu şəxslər də acı həqiqətlə barışmağa məcbur oldular. Buna görə də, hər kəs üzərinə düşən məsuliyyəti hiss etməli, ictimai nəqliyyatda qoyulan qadağalara əməl etməlidirlər".
Ekspertin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus və dayanacaqlarda insanların yoluxma təhlükəsini minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirir: "Təəsüf ki, hələ də avtobuslarda ən zəruri tələbləri yerinə yetirməyən, tibbi maskadan istifadə etməyən sərnişinlər var. Bu şəxslərin sayını azaltmaq, insanların sağlamlığına yaradılan təhlükənin qarşısını almaq üçün BNA bir sıra işlər görür. Agentliyin açıqlamasına görə, bu gündən tibbi maskadan istifadə etməyən sərnişin olduqda, avtobusun hərəkətinə icazə verilməyəcək. Bu, yerində verilmiş qərardır və biz bunu dəstəkləyirik. İnsanlar avtobuslarda, sərnişindaşıma vasitələrində ciddi şəkildə maskadan istifadə tələbinə riayət etməlidir. Əgər avtobus salonunda virusa yoluxmuş bir şəxs varsa, o avtobusun daxilində olan bütün şəxslərin yoluxmasına səbəb ola bilər. Tibbi maskadan istifadə isə bu təhlükənin qarşısını alır. Cənab prezidentin də qeyd etdiyi kimi pandemiya dövründə bizim qarşımızda 3 vəzifə dayanır: tibbi maskadan istifadə etmək, sosial məsafə gözləmək, dezinfeksiya vasitələrindən istifadə etmək. Bu tələblərə əməl etməklə yoluxmanın sürətini azaltmaq, virusa qalib gəlmək olar