TDƏŞ-ə üzv ölkələr arasında nəqliyyat məsələləri müzakirə olundu

Esed Abasli 30/04/2020

Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında videokonfrans keçirilib.

“XƏBƏRBURO”nun məlumtına görə, videokonfransda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin Dövlət Katibi Ermek Mamırkaliyev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu, Özbəkistanın Nəqliyyat naziri Elyor Qəniyev, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədri Samat Qilimov, Macarıstanın İnnovasiyalar və Texnologiya Nazirliyinin Nəqliyyat siyasəti üzrə Dövlət naziri Laslo Mosokzı və Türk Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

Nazir Ramin Quluzadə Azərbaycan ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sahə üzrə beynəlxalq təcrübəyə əsasən həyata keçirilən işlərdən danışıb: “Ölkənin bütün sərhədləri sərnişin daşımalarına bağlanıb. Xarici ölkələrdə olan 15 mindən artıq vətəndaşımız çarter təyyarə reysləri ilə ölkəyə gətirilib . Ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın və Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb”. 

Nazir həmçinin deyib ki, qonşu dövlətlərlə hava və quru nəqliyyatı vasitəsilə sərnişin daşımalarının dayandırılmasına baxmayaraq beynəlxalq yük daşımalarının həyata keçirilməsinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmayıb. Ölkədə sərhəd keçid məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir və avtomobil nəqliyyatı vasitəsilə yük daşımaları üçün daim açıqdır. 

Çıxışının davamında nazir Ramin Quluzadə bildirib ki, cari ilin I rübündə Azərbaycan Respublikasının ərazisindən 52 min 405 ədəd, o cümlədən tranzit olaraq 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla beynəlxalq avtomobil daşımalarını yerinə yetirib.

Xəzər dənizi üzərindən Qazaxıstan və Türkmənistan istiqamətində yük maşınları və konteyner daşımalarının həyata keçirilməsinin davam etdirildiyini qeyd edən nazir Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə ölkəmizin dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalarda və yerli qanunvericilikdə nəzərdə tutulan, vaxtı bitmiş şəhadətnamələrin və müvafiq yoxlamaların müddətinin 01 iyul 2020-ci il tarixinədək artırıldığını söyləyib. 

Nazir həmçinin qeyd edib ki, Azərbaycan ölkənin tranzit potensialının və yük axınlarının artırılması məqsədilə hələ pandemiyadan öncəki dövrdə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edib, digər müvafiq tədbirlər görüb. Bu güzəştlər Türk Şurasına üzv ölkələrin daşıyıcıları üçün nəqliyyat əməliyyatlarının sadələşdirilməsi və daşıma xərclərinin azaldılması baxımından əhəmiyyətlidir. Bu səbəbdən Avropadan Asiya istiqamətində hərəkət edən daşıyıcılar üçün Xəzər dənizi üzərindən keçən marşrutun üstünlüklərindən davamlı şəkildə istifadənin nəzərdən keçirilməsi mövcud yük axınının daha da artmasına öz töhfəsini vermiş olar. 

Videokonfransın gedişində COVID-19 pandemiyasının yaratdığı məhdudiyyət şəraitində tərəflər arasında nəqliyyat əməliyyatlarının mövcud vəziyyəti müzakirə edilib.

Eyni zamanda, pandemiya dövründə Trans-Xəzər Dəhlizi boyunca zəruri malların - ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün lazımi praktik tədbirlərin müzakirəsi aparılıb.

Həmçinin post-pandemiya dövründə tərəflər arasında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər səsləndirilib.

Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış edib. 

Özbəkistan tərəfi isə “Daşkənd-Karakalpakiya-Aktau-Bakı-Tbilis-Qars-İstanbul multimodal nəqliyyat dəhlizinin işə salınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımalarında “yaşıl dəhlizlər”in effektivliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif edib. 

Görüşün gündəliyində öz əksini tapan məsələlərlə bağlı müzakirələrin nəticəsi Türk Şurası Katibliyi tərəfindən ümumiləşdirilərək üzv dövlətlərə göndərilməsi və üzv ölkələrin müvafiq qurumları tərəfindən bununla bağlı lazımi tədbirlərin görülməsi üçün nəzərdən keçirərək öz məlumatlarını və təkliflərini təqdim etməsi razılaşdırılıb.