Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Məmmədzadə Zərintac 31/08/2020


Yaxın zamanlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında” 155 nömrəli Konvensiyasının da ölkəmizin ratifikasiyası gözlənilir. Əmək qanunvericiliyində BƏT yanaşmalarına uyğun  həm işçilərin, həm də işəgötürənlərin mənafelərinə xidmət edən bir çox dəyişikliklər də olunacaq.

"XəbərBuro" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev Komissiyanın növbəti iclasında deyib.

Üçtərəfli Komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edilir.

Nazir söyləyib ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında daim təkmilləşdirilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinə dəyişikliklər barədə yeni Qanun layihəsi hazırlanıb. Dəyişikliklər əmək bazarı iştirakçılarının əmək, sosial, iqtisadi hüquqlarının daha dolğun təminatına xidmət edir

BƏT-in Rəhbər Orqanının üzvü olan ölkəmizin ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulduğunu bildirən S.Babayev ratifikasiyası nəzərdə tutulan Konvensiyanın da əməyin təhlükəsizliyinin təminatına yönəldiyini vurğulayıb. Yaradılacaq Əməyin Mühafizəsi Mərkəzinin də bu sahədə mühüm töhfə verəcəyini qeyd edib.

İclasın gündəliyindəki məsələlərə dair çıxışlar edilib. Koronavirus  ilə bağlı Komissiyanın 2020-ci il üçün yenilənmiş İş planı təsdiqlənib, Komissiyanın tərkibində bəzi dəyişikliklər olunub.

“Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun və “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihələri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin riskə əsaslanmış qaydada həyata keçirilməsi və Əməyin Mühafizəsi Mərkəzinin yaradılması ilə bağlı layihələr, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi, BƏT-in 155 nömrəli Konvensiyasının ratifikasiyası məsələləri müzakirə edilib.

Məsələlərlə bağlı Komissiyanın bu iclasında verilmiş təkliflər üzrə müzakirələrin sosial tərəfdaşların nümayəndələrinin təmsil olunduğu işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.