Şirkət rəsmilərinə cinayət işi açılıb

Məmmədzadə Zərintac 22/09/2020


“AGRO-MEAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsləri Vəliyev Ehtiram İldırım oğlu, Ələkbərov Namiq Oktay oğlu və digərlərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticələrinə görə  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

"XəbərBuro" xəbər verir ki, bu haqda Baş Prokurorluq məlumat yayıb.

Aparılmış istintaqla “AGRO-MEAT” MMC-ni icarəyə götürmüş Ehtiram Vəliyevin MMC-nin nümayəndəsi Namiq Ələkbərovla birlikdə 23-25 iyun 2020-ci il tarixlərdə ölkə ərazisində yerləşən mal-qara bazarlarından və ayrı-ayrı şəxslərdən 6.890 kiloqram miqdarda keyfiyyətsiz ət məhsulunu ucuz qiymətə alaraq, həmin ət məhsulunu Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən MMC-yə məxsus kəsimxanada müvafiq standartlara uyğun olmayan şəraitdə satmaq məqsədilə saxlamalarına əsaslı şübhələr müəyyənləşib.

Baş İdarənin  25 iyun 2020-ci ildə həyata keçirdiyi tədbirlər nəticəsində qeyd olunmuş kəsimxanada 41 min 340 manat dəyərində 6.890 kiloqram çəkidə keyfiyyətsiz ət məhsulu aşkar olunaraq götürülüb.

İş üzrə toplanmış sübutlara əsasən 22 avqust 2020-ci ildə Ehtiram Vəliyevə Cinayət Məcəlləsinin 29, 200.2.3 (istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatma və ya ya pis keyfiyyətli məhsul istehsal etmə və ya satmaya cəhd etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Namiq Ələkbərova isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik etmə) maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi üzrə istintaq yekunlaşdırılmış və baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilib.