Səudiyyə Ərəbistanda Həcc ziyarəti başlayıb

Məmmədzadə Zərintac 29/07/2020


Səudiyyə Ərəbistanında müsəlmanların Həcc ziyarəti başlayıb.  “XəbərBuro” xəbər verir ki, bununla bağlı “BBC” məlumat bildirib.

Həccə dünyanın hər yerindən bir neçə milyon insan gəlir, amma  koronavirusa görə Səudiyyə Ərəbistanı hakimiyyəti xaricdən zəvvarların gəlməsini qadağan edib - yalnız Səudiyyə Ərəbistanı sakinləri və ya artıq ölkədə olan əcnəbilər Həcc ziyarətinə gedə bilərlər.

Hər bir müsəlman, sağlamlığı və maddi vəziyyəti imkan verirsə, həyatında, heç olmasa, bir dəfə də olsun Həcc ziyarətinə getməlidir.

Həcc ziyarətinin illik gəlirləri təxminən 5-6 milyard dollar təşkil edir - Krallığın ÜDM-in 10%-ə qədərdir.

Zəvvarların sayına görə ən yüksək göstərici 2012-ci ildə qeydə alınıb - 3 milyondan çox insan. Bu il onların sayının 10 min nəfərə yaxın olacağı deyilir.

Məkkəyə getdikdə bütün zəvvarlar karantindən keçməlidirlər. Həcc ziyarətindən qayıtdıqdan sonra evdə də onları iki həftəlik karantin gözləyir.

 Səudiyyə Ərəbistanında 270 min koronavirusa yoluxma halı qeydə alınıb, təxminən üç min nəfər ölüb.

XIX əsrdə də Həcc ziyarəti epidemiyaların yayılması səbəbindən bir neçə dəfə ləğv olunub.