Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq

Fəxriyyə Qüdrətli 12/06/2020

“Fəaliyyətinə icazə verilən şəxslər sərt karantin elan olunan ərazilərdən öz maşınları ilə keçə biləcəklər”.

"Xəbərburo" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, fəaliyyətinə icazə verilməyən şəxslər gizli yollarla bu ərazilərə getməyə çalışmamalıdırlar:

“Sərt karantin rejimi tətbiq olunan rayonların inzibati ərazilərinə giriş qadağandır. İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilər.

Lakin nəqliyyat vasitələrini həmin ərazilərdə saxlamağa icazə yoxdur. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək. Bu hallar aşkarlanarsa, qanunamüvafiq şəkildə cərimələr tətbiq olunacaq”.