Sərt karantin bölgələrində qəbul imtahanı keçirilə bilər

Leyla Aliyeva 14/07/2020

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.

"Xəbərburo" nun məlumatına görə “Qafqazinfo” DİM-in saytına istinadən xəbər verir ki, sözügedən ərazilərdə buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün tədbirlər planı hazırlanıb və aidiyyatı qurumlarla razılaşdırılır:

“Bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı bu gün keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.