“Səmimi desəm, bu, məni maraqlandırmır” - İlham Əliyev

Esed Abasli 15/12/2021

“Əvvəla, demək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır. İxraca gəldikdə isə əlbəttə, bu, bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır”.

Bunu Prezident İlham Əliyev “El Pais" qəzetinə verdiyi müsahibədə jurnalistin “Təbii qaz məsələsinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatları azalmaqdadır, qazın qiyməti isə artır. Bizim üçün ən əsas qaz təchizatçısı idxalımızın 40 faizinin payına düşdüyü Rusiya ilə münasibətlərdə gərginlik var. Münasibətlər özünün ən pis dövrünü yaşayır. Azərbaycanın iqtisadiyyatı neft və qaz ixracına əsaslanır, ixrac bazarları isə Aİ və Qərbdir.

Siz hazırkı vəziyyəti necə təhlil edərdiniz, Aİ və ümumilikdə region hazırkı böhranın öhdəsindən necə gələ bilər?” sualına cavabında deyib.

“Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi desəm, bu, məni maraqlandırmır. Biz isə öz növbəmizdə ev tapşırığımızı yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edirdik və XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi üzərində çalışırdıq. Həmin layihə ötən ilin son günündə başa çatdırılmışdır.

Layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı. Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur.

Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq”, - Prezident qeyd edib.

İlham Əliyev: “Ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır.

Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir.

Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni, bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır və əlbəttə, bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim nəhəng təbii qaz ehtiyatımız var. Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir.

Siz artıq qeyd etdiniz, Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır və hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur.

Təsəvvür edin, Azərbaycan Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni, hər şey hazırdır və qaz idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir”.