Səhiyyə Nazirliyindən “Omicron” ştamı ilə bağlı xəbərdarlıq

Esed Abasli 09/12/2021

“Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış yeni ştamı – “Omicron” peyda olub və hamının narahatçılığına səbəb yaradıb. İlkin mülahizələrə görə, yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir”.

“XəbərBüro” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib. 

O qeyd edib ki, yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək:  “Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik”.

T. Eyvazov, həmçinin bildirib ki, Azərbaycanda hazırda yetkin əhalinin 60%-dən çoxu iki doza peyvənd alıb. Artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlar pandemiyadan öncəki həyat tərzinə qayıdıb:

“Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan isanlar və eyni zamanda, ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir. Bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçir. Vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib. İstəyimiz yalnız fürsəti əldən verməmək, bu imkandan yararlanaraq ümumi işimizə töhfə verməkdən ibarətdir”.