Şahmar Mövsümov: " Yumşalmalardan sonra yoluxmanın artması böyük ehtimal ki, olacaq"

Məmmədzadə Zərintac 08/08/2020

“Yumşalmalardan sonra yoluxmanın artması böyük ehtimal ki, olacaq”.

"XəbərBuro"  xəbər verir ki,  bu sözləri Prezidentin köməkçisi Şahmar Mövsümov söyləyib.

O deyib ki, yumşalma nəticəsində virusa yoluxma riski artır:


"Buna görə də yumşalmalara addım-addım, tədricən gedəcəyik. Yumşalmalardan sonra yoluxmanın artması böyük ehtimal ki olacaq. Yoluxmanın artmaması üçün sosial məsafə saxlamaq, maska taxmaq və digər qaydalara riayət etmək lazımdır. Həmçinin, bu qaydalara nəzarətin həyata keçirilməsi üçün hökumət çox ciddi addımlar atır. Bu gün baş nazir Əli Əsədovun Azərbaycanın icra strukturları rəhbərliyi ilə geniş iclası keçiriləcək və nəzarətin gücləndirilməsi tapşırığı veriləcək. Eyni zamanda, əsas istiqamətdən biri də virusa yoluxan şəxsin daha erkən müəyyən olunması və təcrid olunmasıdır. Bunların içində ən əsası qaydalara əməl etməkdir. Qaydalara riayət olunmasa karantin rejiminin müddəti daha uzun ola bilər. Yumşalmaları bəzi insanlar qələbə kimi qəbul etmək istəyir. Yanlış iddialar var ki, dünyada karantin bitib, heç yerdə maska taxılmır. Həmin insanlara tövsiyə edirəm ki, sadəcə internetdə bu məlumatı əldə etsinlər. Heç bir ölkədə virus bitməyib, karantin hər yerdə davam edir. Bu gün əziyyətlə əldə etdiyimiz nailiyyətləri itirməməliyik".