Şagird sıxlığının azaldılması üçün seçilmiş istiqamətlərdən danışılıb

Məmmədzadə Zərintac 07/09/2020


Xüsusi karantin rejimində məktəblərdə şagird sıxlığının azaldılması üçün üç istiqamət seçilib.

"XəbərBuro" xəbər verir ki, bunu “Təhsil TV”nin efirində çıxış edəndə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

Birinci istiqamət sinif komplektlərin məktəbə müxtəlif günlərdə gəlməsidir:

“Əgər şərti olaraq söhbət region məktəblərindən gedirsə, orada şənbə günlərinin də dərs günü kimi keçirilməsini təklif edirik. Belə olan halda siniflərin yarısı həftənin 3 günü, digəri isə o biri 3 günü dərsə gəlir. Bununla da məktəbdə şagirdlərin sayı iki dəfə azalır”.

V.Yaqublu məktəblərin növbəli dərs rejiminə keçmələrini məsləhət görüb: “Məktəblə yanaşı sinifdaxili sıxlıqla bağlı problemimiz var. Bu da ondan ibarətdir ki, sinif otağında 1,5 metrlik məsafə mütləq qorunmalıdır. Bu məqsədlə uyğunlaşdırılmış tədris planına dair qeydlərdə göstərilib ki, sinifdə şagird sıxlığı 1,5 metrlik məsafəni qorumağa imkan vermədiyi halda, sinif qruplara bölünür. Bu qruplar üçün isə ayrı dərs cədvəli hazırlanır. Belə olan halda biz dərs cədvəlini, məsələn, 5a sinfi üçün yox, həmin sinfin birinci və ikinci yarımqrupları üçün hazırlayırıq. Bu isə məktəbin dərs planı hazırlama prinsipindən asılı olaraq, eyni günün müxtəlif növbələrində də ola bilər, müxtəlif günün müxtəlif saatlarında da ola bilər”.