"Sabah"da təzə təyinatlar olub

Məmmədzadə Zərintac 12/07/2020

“Sabah” FK-da təzə təyinatlar həyata keçib.

"Xəbərburo" xəbər verir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib.

Futbolçu karyerası müddətində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” klublarında çıxış etmiş Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabr ayından “Sabah”da məşqçi kimi çalışırdı.

Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin edilib.

Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire Akademiyası”nda məşqçi kimi fəaliyyət göstərib.

Məşqçilik karyerasına Bilbao “Atletik”inin akademiyasında başlamış Pinedo isə bu günə kimi Qətərin “Aspire Akademiyası”nda, həmçinin “Sestao River” (İspaniya), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Dinamo” (Kiyev, Ukrayna), “Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığma komandalarında çalışıb.