Rus dilində qəbul imtahanı verən abituriyentlər üçün qeydiyyat başlayıb

Məmmədzadə Zərintac 03/08/2020

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan edilib.

"XəbərBuro" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən gələn məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, amma iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər 14 avqust saat 23.59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün 10 AZN şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcək.

2020-ci il iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili imtahanlarında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan və imtahanda iştirak etməyən şagirdlər üçün isə sentyabr ayında təzədən imtahan olacaq.