Qubada oğurluq edən şəxs tutuldu

Svetlana Mirzəyeva 21/08/2020

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir dülgər sexindən və bir avtomobil təmiri sexindən bir ədəd elektrik generatoru, bir ədəd rəndə, bir ədəd mühərrik və digər usta alət və avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan  verilən məlumata görə, araşdırmalarla onun rayon sakini Əli Məmmədov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Əli Məmmədovun ətrafında aparılan tədbirlər nəticəsində onun rayon ərazisində avtomobillərdən oğurluq etdiyi də müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, cinayət yolu ilə əldə etdiyi alət və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını bildirib.

Oğurlanan alət və avadanlıqlarının yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-nin cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.