Qonşu ölkələrdə koronavirusla bağlı son statistika

Leyla Aliyeva 12/08/2020

Gürcüstanda son sutka ərzində daha 14 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

“XəbərBuro” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 278-ə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir.

Bundan əlavə, indiyədək 1 258 nəfər sağalıb. Hazırda 203 aktiv koronavirus xəstəsi var.

***

Rusiyada son sutka ərzində daha 5 102 nəfərdə COVID- 19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 902 min 701-ə çatıb.

Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 177 min 143 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 129 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 15 min 260-a çatıb. Ümumilikdə 710 min 298 pasiyent isə sağalaraq evinə buraxılıb.

Ermənistanda sutka ərzində daha 201 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 40 794-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. Ümumilikdə 33 492  pasiyent müalicə olunaraq sağalıb, 6 262  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.

İranda son 24 saat ərzində daha 188 nəfər koronavirus səbəbindən həyatını itirib.

Son sutka ərzində ölkə üzrə 2 510 nəfərdə virus aşkarlanıb.

Bununla da ölkədə koronavirus qurbanlarının sayı 18 min 988 nəfərə, yoluxanların sayı isə 333 min 699 nəfərə çatıb.