Qəhrəman General

Məmmədzadə Zərintac 13/10/2020

                               


Azərbaycana keçmişdən və bu gündən nəzər salanda, onun necə də tarixdə şanlı səhifələri olduğunu görmək mümkündür. Bu şanlı səhifələri ana yurdun qəhrəman övladları qızıl hərflərlə yazıblar!  O övladlar ki, vətəni və milləti üçün canını düşünmədən qurban veriblər!


Ən ülvi duyğudur vətən sevgisi! Bu hiss həmişə Azərbaycan xalqının qəlbində olub. Əsrlər boyu Odlar Yurdu işğalçıların hücumuna uğrayıb və mübariz övladları onun keşiyində durub. Azərbaycan çox ağır günlərdən keçib!  Vətənin ən acı günləri Dağlıq Qarabağ və onun ətrafında olan əraziləri ermənilərin vəhşicəsinə işğalından başladı!  Neçə-neçə, soydaşlarımız amansızcasına öldürüldü, övladlarımız şəhid oldu! 


Düşmən illərdir ki, torpaqlarımızı əsarətdə saxlayır və durmadan təxribat törədir! Lakin Azərbaycana qalib gələ bilmir. Çünki ölkəmizin mərd, yenilməz ordusu var. Onlar düşmənin hər təxribatını dəf etməkdə mahirdirlər. Necə ki, Aprel və Tovuz döyüşlərində şərəfli  tarix yazdılar!  Belə  igid övladlardan biri də, General Polad Həşimov olub.

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib. Ailəsi ilə Sumqayıt şəhərinə köçüblər.  Orta təhsilini Sumqayıt şəhərində öncə 28 nömrəli sonra 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, ailəli idi, 2 oğul və 1 qız övladı var.



Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamına əsasən,  "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.  2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. O, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.


2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir.Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər  zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olur.  Beləliklə, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı oldu.



Azərbaycan xalqı öz Qəhrəman Generalının xatirəsini daima əziz tutur, onu unutmur! Polad General bütün övladlar üçün igidlik, vətənpərvərlik nümunəsidir, o, həmişə yaşayır və yaşayacaq! Bu gün igid general Polad Həşimova məqalələr, şeirlər və filmlər həsr olunur... Sosial şəbəkələrdə onunla bağlı çoxlu sayda  paylaşımlar edilir. Profillər onun şəkilləri ilə bəzədilir! Amma bütün bunlar onun şücaəti qarşısında yetərsiz qalır.  Onu adı kitablarda, dərsliklərdə yer alacaq! Hər yeni nəsil onun haqqında öyrənəcək və örnək götürəcəklər!  

Artıq ruhu şaddır onun, çünki sentyabrın 27-dən başlanan döyüşlərdən ərazilərimizin bir çoxu azad edildi, ordumuz şərəflə vuruşur! Qələbə bizimlə olacaq!   Poladın və onun kimi şəhidlik zirvəsinə ucalan övladların da  qisası alınıb və alınır. Üçrəngli bayrağımız Azərbaycan bütün torpaqlarında dalğalanacaq! Az qaldı, lap az!  Qəhrəman General  Polad Həşimov kimi oğullarla qürur duyuruq. 

Vətən belə övladları ilə daima basılmaz, dik və zirvələrdədir. Azərbaycan artıq  haqq səsini bütün dünyaya çatdırır. Ölkəmizin bütöv olmağı və  gözəl günləri yaxındadır!