Putinlə Əliyev sərhəddəki vəziyyətdən danışdı

Togrul Quliyev 18/06/2020

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

XəbərBuro "Qafqazinfo"a istinadən xəbər verir ki , dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib.Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.