Putin özünü təcrid etdi, Rəisi ilə görüş təxirə düşdü - Yenilənib

Aynur 14/09/2021

Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejiminə keçib.


“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, Putinin ətrafında koronavirusa yoluxma halları aşkar olunub və bu səbəbdən o, özünü təcrid etmək qərarına gəlib.


Bununla yanaşı, qeyd olunur ki, V. Putin karantində olduğundan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşlərinə videoformatda qatılacaq.


Putinin karantində nə qədər qalacağı barədə hələ məlumat verilməyib.


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin özünü yaxşı hiss edir.


***


Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında planlaşdırılan görüş Putinin özünü təcrid etməsi səbəbindən təxirə salınıb. 


Bu barədə məlumatı Putinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.


Peskov, həmçinin qeyd edib ki, Putin ikitərəfli görüşləri videoformatda keçirməyəcək.