Prezident Tovuz istiqamətində baş verən döyüşlərdən danışıb

Məmmədzadə Zərintac 13/07/2020

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Xəbərburo" xəbər verir ki, Prezident İlham Əliyev çıxışında vurğulayıb  ki, Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib: “Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olub. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçi həlak olub. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi vurulub. Bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin. 

Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb. Adekvat cavab verilib. 

Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Azərbaycan öz dövlət sərhədini qorudu. Bir santimetr belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməyib. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti komandalarla, qurumlarla əlaqədəydim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib. Sərhəddə vəziyyət sabitləşməyib”.