Prezident Simonetta Sommaruqaya və Nazarbayevi təbrik edib

Məmmədzadə Zərintac 31/07/2020

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqaya təbrik edib.

"XəbərBuro"  xəbər verir ki, təbrikdə söylənilir:

"Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və sıx əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzü məmnuniyyətlə xatırlayır, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah arzulayıram".

31 iyulda dövlət başçısı Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə  zəng edib.

Bununla bağlı  Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.