Pandemiya dövründə Füzulidə bu işlər görülür

Röya Vahabova 22/06/2020

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir. 

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla yanaşı aqrar rayon olan Füzulidə insanlar karantin rejiminin tələb və tövsiyələrinə riayət etməklə yaşayır və işləyirlər.

İcra Hakimiyyətinin məlumatına görə, füzulili kümçülər bu il də 47 ton yaş barama istehsal edərək qısa müddət ərzində bu sahədən 430 min manat pul qazanıblar. Rayonun müxtəlif yaşayış məntəqələrində ipəkqurdu bəslənilməsinə ümumilikdə 5 min nəfərə yaxın məcburi köçkün cəlb olunub, onların məşğulluğu təmin edilib, sosial-rifah halları yaxşılaşdırılıb.

Rayonda 700 ha sahədə strateji məhsul olan pambıq, 280 ha sahədə şəkər çuğunduru əkilib, ayrı-ayrı yaşayış məntəqlərində və həyatyanı torpaq sahələrində bol bostan-tərəvəz məhsulları yetişdirilib. Pambıq, şəkər çuğunduru və bostan-tərəvəz sahələrinə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib, suvarma suyu ilə təmin edilib.

Rayon ərazisində 2700 ha sahədə yaradılan Aqroparkda taxıl, soya, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları becərilir, 82 hektar sahədə isə badam bağı salınıb.

Füzuli rayonunda əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilməklə, respublika bazarına da bir sıra məhsullar çıxarılır, əhalinin məşğulluğu təmin edilir.

Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri də davam edir. Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində Mərkəzi rayon Xəstəxanasının, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiv evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.