Ötən gün öldürülən qadınla bağlı tanışı həbs edildi

Leyla Aliyeva 17/09/2020

Mingəçevir şəhər Prokurorluğu sentyabrın 8-də bıçaqlanmış və ötən gün xəstəxanada dünyasını dəyişmiş qadın haqda məlumat yayıb. 

“XəbərBuro” nun əldə etdiyi məlumata görə:

“Sentyabrın 8-də Mingəçevir şəhər ərazisində Könül Mirzəliyevaya bıçaq xəsarətinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Anar İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Könül Mirzəliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Sentyabrın 17-də Könül Mirzəliyevanın aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi səbəbindən, Anar İsmayılovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə, o təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Mingəçevir şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, həmin qadın işlədiyi aptekdə bıçaqlanmışdı.