Ordumuz şəhid Asifin qisasını aldı

Esed Abasli 10/12/2021

Azərbaycan Ordusu dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevin qisasını alıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Ermənistan ordusunun bir hərbçisi həlak olub, 8 nəfər yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sıravi Vaqe Manasaryan (2002) həlak olub, daha 8 erməni hərbçi yaralanıb, onlardan 6-nın vəziyyəti ağırdır. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazilriyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.